ADPU-da magistrantların Respublika elmi konfransı işinə başlayıb:  Təhsildə strateji idarəetmə və müasir yanaşmalar
       Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə  Azərbaycan xalqının Ümummilli Lideri, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təhsildə strateji idarəetmə və müasir yanaşmalar” Magistrantların VI Respublika elmi konfransı öz işinə başlayıb.
       Əvvəlcə Təşkilat Komitəsinin üzvləri universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra konfrans iştirakçıları ADPU-nun dövri-elmi nəşrləri, son 6 ildə universitetdə müntəzəm keçirilən magistrantların respublika elmi konfranslarının materialları və 2021-ci ildən ADPU-da nəşr olunan “Magistrant” dövri-elmi jurnalının nömrələrindən ibarət sərgi ilə tanış olublar.

      Açılış nitqi ilə çıxış edən konfransın Təşkilat Komitəsinin sədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq qeyd edib ki,  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir” deyən müasir Azərbaycanın qurucusu, Ümumm illi Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin qanunvericilik bazası təkmilləşdirilmiş, maddi-texniki baza gücləndirilmiş, təhsilin keyfiyyəti yüksəlmişdir və bu qayğı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də davam etdirilir.
        Qeyd edək ki, 2 gün davam edəcək konfransda ADPU ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin magistrantları, eləcə də Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Pedaqoji Universitetdə təhsil alan çinli magistrantların 310-a yaxın tezisi dinləniləcək. Təşkilat Komitəsinin rəyinə əsasən, çapa tövsiyə olunan elmi məruzələr topluya daxil ediləcək, tezislər konfrans materiallarında nəşr olunacaq.
 
 


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo